Advertisment

Bərdədə şəhid polkovnik-leytenant Mehman Qənbərovun xatirəsi anılıb

Doğma yurdunun həsrəti ilə böyüyən Mehman Qənbərovun ən böyük arzusu işğal altında olan torpaqlarımızın azadlığı idi. O, bu amalla ömrünün 24 ilini Azərbaycan Ordusunda xidmətə həsr edib və torpaqlarımızın azadlığı uğrunda şəhadətə yüksəlib. Bu gün polkovnik-leytenant Mehman Qənbərovun Vətən müharibəsində şəhid olmasından 6 il ötür. Onun xatirəsi Bərdə şəhərindəki Şəhidlər xiyabanında ehtiramla anılıb.

Herbiand.az xəbər verir ki, şəhidin ailə üzvləri, doğmaları, dostları, döyüş yoldaşları, qazilər və ictimaiyyət nümayəndələri onun məzarını ziyarət edib, xatirələrini bölüşüb, ruhunu dərin hörmətlə anıblar. Məzarı üzərinə al-qırmızı qərənfillər düzülüb, ruhuna dualar oxunub.

 

Mərasimdə çıxış edənlər Mehman Qənbərovun həyat və şərəfli döyüş yolundan, Vətən qarşısında göstərdiyi xidmətlərdən danışıblar. Bildirilib ki, Mehman Qənbərov 1981-ci ildə Ağdam rayonunun Maqsudlu kəndində anadan olub. Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi ilə bağlı məcburi köçkün olaraq ailəsi ilə birlikdə Bərdə rayonunda məskunlaşıb. Doğma yurdu işğal altında olan Mehman uşaq yaşlarından düşmənə nifrət, Vətənə məhəbbət hissi ilə böyüyüb. Hərbi təhsil alaraq zabit kimi Vətənimizə xidmət edib. 24 il Azərbaycan Silahlı Qüvvələrində qüsursuz xidmət edərək, 1-ci, 2-ci və 3-cü dərəcəli "Qüsursuz xidmətə görə" medalları və müxtəlif təltiflərlə mükafatlandırılıb. Zabit kimi Milli Ordumuzun şərəf və ləyaqətini hər zaman yüksək tutub. O, 2020-ci il sentyabr ayının 27-də Ermənistanın törətdiyi təxribata qarşı əks-hücuma başlanan Vətən müharibəsində iştirak edərək düşmənin 30 ildə yaratdığı müdafiə xəttinin yarılmasında və yaşayış məntəqələrimizin işğaldan azad edilməsində iştirak edib. Füzuli şəhəri istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə polkovnik-leytenant Qənbərov Mehman Nəriman oğlu ölümündən sonra “Qarabağ” ordeni, "Vətən uğrunda" və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

 

Mehman Qənbərovun həyat yoldaşı Xuraman Qənbərova onun Vətənə, dövlətə və bayrağa bağlılığından danışıb. Bildirib ki, həyat yoldaşı ailəsinə bağlı, nümunəvi ata olmaqla yanaşı, Azərbaycan zabiti kimi öz peşəsinə və Vətənə sədaqətlə xidmət edib. Xuraman Qənbərova Mehman Qənbərovun həyat və döyüş yolundan bəhs edən “Azərbaycan zabiti” adlı kitab da hazırladığını diqqətə çatdırıb.

 

“Mehman fəxr edilə biləcək həyat yoldaşı, ailə başçısı, ata idi. Mən bir tərəfdən üzgünəm, digər tərəfdən də qürurluyam. Mehmanın gələcəkdə Azərbaycana xidmət edəcək iki övladı var. Mən həyat yoldaşımla qürur duyuram ki, Vətən uğrunda öz canından keçib. Allah bütün şəhidlərimizə rəhmət eləsin”, - deyə Xuraman Qənbərova bildirib

 

Mehman Qənbərovun oğlu Nurlan Qənbərov isə atası ilə böyük şərəf və qürur duyduğunu deyib. “Azərbaycan zabiti, qəhrəman, igid polkovnik, ömrünü Vətənə həsr etmiş qəhrəmanın övladıyam. Onun övladı olmaq böyük şərəf və qürur verir. Onun qoyub getdiyi vətənpərvərlik irsi bizə miras qalıb”, - deyə Nurlan Qənbərov vurğulayıb.

 

Bərdə Rayon İcra Hakimiyyətinin əməkdaşı Samir Səfərov da Mehman Qənbərovun Vətən müharibəsində göstərdiyi şücaətdən danışıb. O bildirib ki, polkovnik-leytenant Mehman Qənbərov Azərbaycan Ordusunun sıralarında üzərinə düşən şərəfli və məsuliyyətli vəzifəni layiqincə yerinə yetirib.

 

“Mehman Qənbərov Vətən müharibəsində Azərbaycan Ordusunun sıralarında polkovnik-leytenant rütbəsində öz üzərinə düşən şərəfli və məsuliyyətli vəzifəni yerinə yetirib. Füzuli istiqamətində gedən döyüş əməliyyatı zamanı şəhidlik zirvəsinə ucalıb. Bu gün Mehman və minlərlə qəhrəman Azərbaycan əsgərinin xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaqdır”, - deyə Samir Səfərov bildirib.