Advertisment

“Azərbaycanın yeni ideologiyasında əsas xətt qovşaq dövlətidir” – Yunus Oğuz

"Azərbaycan bu gün coğrafi ərazisinə görə kiçik olmasına baxmayaraq, böyük bir iş görür, yəni qovşaq dövlət siyasətini irəli sürür. Azərbaycan təkcə özünün tranzit gücündən istifadə etmir, həm də bu tranzit gücündən milli təhlükəsizliyi üçün əsas rollardan birini icra edir. 

Qovşaq siyasəti təkcə coğrafi ərazisinə görə buradan hansısa ərazinin və ya güclərin keçməsi deyil. Bunun infrastrukturu, institutlaşdırılması və digər amillər Azərbaycan üçün bu gün çox əhəmiyyətli rol oynayır".

Bu fikirləri Olaylar.az-a açıqlamasında yazıçı-publisist, jurnalist Yunus Oğuz deyib.

Yazıçının sözlərinə görə, Azərbaycan qovşaq dövlətinə çevrilməkdədir və güman edirəm ki, buna tam şəkildə nail olacaq. Məhz bu da Azərbaycanın gələcək milli təhlükəsizliyi üçün ən əsas funksiyalardan birini daşıyır. 

Çünki dünyada bu gün baş verən yeni geosiyasi, geoiqtisadi və geostrateji dəyişikliklər Azərbaycanın məhz qovşaq dövlətinə çevrilməsini və bu istiqamətdə əsas rol oynamasını zəruri edir. 

Təbii ki, bu, elə-belə, yüngül iş deyil. Bu, ağır işdir və Azərbaycan bu ağır işin də öhdəsindən çox böyük məharətlə gələcəkdir. Milli təhlükəsizliyimiz təkcə bu gün ordunun güclənməsi, yeni silahların əldə olunması ilə deyil, dünyaya balanslı siyasət yeritməklə, qovşaq dövlətinə çevrilməklə və qovşaq dövlətində söz sahibi olmaqla təmin edilir. 

Təbii ki, bu, milli təhlükəsizliyimiz üçün ən əsas amillərdən biridir. Bundan irəli gələn milli ideologiyamız da formalaşır. Milli ideologiyamızın əsas qayəsi ondan ibarətdir ki, Azərbaycanın təhlükəsizliyi əsasdır. Azərbaycanın gələcək inkişafı, onun iqtisadi inkişafı, daxili həmrəyliyi, ordusunun güclənməsi və iqtisadiyyatının inkişafı da bu amillərin tərkib hissəsidir. Milli ideologiyamızın əsas qayəsi milli təhlükəsizliyimizin, dövlətin inkişafının təmin edilməsi və Azərbaycan qovşaq dövlətinə çevrildikdən sonra regionda daha əsas söz sahibinə nail olmaqdır. 

Azərbaycanın bu istiqamətdə böyük imkanları var. Təbii ki, Azərbaycanın qovşaq dövlət olması üçün özünün hədəfləri var. Yaxın, orta və uzaq hədəfləri var. Bu hədəflərə çatmaq üçün də milli ideologiyamız, yəni milli təhlükəsizliyimiz milli ideologiyadan ayrılmamalıdır.

Y. Oğuz bildirib ki, prezident İlham Əliyev doğru çıxış edib ki, Azərbaycan heç kimə borclu deyil. Nə etmişiksə, hamısını iqtisadi müqavilələrlə etmişik. Hətta cənab Prezidentin dediyi kimi, bəzən artıq pul da vermişik. Buna görə də kimsə bizə irad tutmasın. Amma milli təhlükəsizliyimizin əsaslarını təşkil edən bir neçə amil var. 

Məsələn, Türkiyə ilə müttəfiqlik, strateji müttəfiqlik, Pakistanla strateji müttəfiqlik və s. Bunlar da öz yerindədir. Təbii ki, bunları da yaddan çıxarmaq olmaz və cənab Prezident də bunları yaddan çıxarmır. Milli ideologiyaya söykənən milli təhlükəsizliyimiz bizə imkan verir ki, gələcəkdə qovşaq dövlətini daha da inkişaf etdirək və Azərbaycanı dünyada daha da tanıdaq. 

Təsadüfi deyil ki, dekabrda keçiriləcək G20 - 20-liklərin Mayamidə keçiriləcək forumuna Azərbaycan da dəvət olunub. Bu, bir daha sübut edir və cənab Prezidentin çıxışından da görünür ki, bu, həm də Azərbaycanın qovşaq dövlətinə doğru atdığı addımların ən bariz nümunələrindən biridir. 

Bu, çox vacib məsələdir. İdeologiyamız dövlətimizə xidmət etməlidir, milli təhlükəsizliyimizə xidmət etməlidir. Bəli, yeni ideologiya var. Amma yeni ideologiya o demək deyil ki, hər kəs nəsə deməlidir. Yeni ideologiya ondan ibarətdir ki, gələcəkdə geosiyasət dəyişir, artıq dəyişməkdədir. 

Geoiqtisadiyyat dəyişir, geostrateji xətlər dəyişir. Təsadüfi deyil ki, cənab Prezident də bunu qeyd etdi. Bu gün dünyada iki super güc var - Amerika Birləşmiş Ştatları və Çin. Azərbaycan dövləti öz siyasi xəttini qovşaq dövlət kimi bu iki gücün maraqlarını nəzərə alaraq qurmalıdır və artıq bu siyasət kifayət qədər irəli gedir. 

Yeni ideologiyamızda milli təhlükəsizliyimizin açar xətti məhz qovşaq dövlətinin daha da gücləndirilməsidir. Təbii ki, bu, geoiqtisadiyyatdan və geosiyasətdən gələn xətlərdir. Daxildə də daxili sabitlik, qarşılıqlı anlaşma və daxili həmrəylik olmalıdır. Bunların hamısında yeni ideologiyanın əsas xətti Azərbaycan dövlətinin tamamilə qovşaq dövlətinə çevrilməsidir.

Herbiand.az