Mütaliə insanın dünyagörüşünün, düşüncə tərzinin və mənəvi dünyasının formalaşmasında mühüm rol oynayır. Lakin son illərdə texnologiyanın və sosial şəbəkələrin həyatımızda geniş yer tutması insanların kitaba və mütaliəyə münasibətinə də təsir göstərib. Kitab oxuma vərdişinin zəifləməsi, xüsusilə gənclər arasında mütaliəyə marağın azalması cəmiyyət üçün düşündürücü məsələlərdəndir. Bəs bu azalmanın əsas səbəbləri nələrdir və kitabı yenidən insanların gündəlik həyatının bir hissəsinə necə çevirmək olar? Mövzu ilə bağlı AMEA Mərkəzi Elmi Kitabxanasının baş mütəxəssisi, yazıçı-publisist, şairə Pərvanə Bayramqızı ilə söhbətləşdik.
-Pərvanə xanım, bu gün Azərbaycanda kitaba və kitab oxumağa maraq hansı səviyyədədir?
-Bu mövzu ziyalıların ən çox narahat olduğu və ən çox müzakirə etdiyi bir problemdir. Vəziyyət ürəkaçan deyil. Hamımız bilirik ki, bu gün kitaba olan maraq öləziyən şam işığı kimidir. O, hər an sönə bilər. Ətrafımızdakıların kitaba soyuq münasibətini müşahidə edirik. Xırda məsələ deyil, kitab, mütaliə gələcəyi üzərində quracağımız bünövrədir. Laqeyd qalsaq, bu yöndə hər hansı bir tədbir görməsək, bünövrəni başdansovdu, məsuliyyətsiz şəkildə qursaq, təbii ki, başımıza uçma ehtimalı böyükdür.
-Sizcə, son illərdə insanların kitab oxumağa marağı artıb, yoxsa azalıb?
-Əlbəttə, azalıb. Biz hər gün yanımızdan ötənlərin əlində kitab yox, telefon görürük.
-Əgər kitaba maraq azalıbsa, bunun əsas səbəbləri nələrdir?
-Bunun ilk baxışda əhəmiyyətsiz görünən, əslində isə çox böyük fəsad verən səbəbləri var: ən birincisi, uşaq ətrafı dərk edən vaxtdan otaqda kitab rəfi, evdəkilərin əlindəsə kitab görmür, ikinci, uşaq evdəkilərin hər gün ekran qarşısında əyləşib əyləncəli verilişlərə baxan görür, üçüncü mərhələdə biz artıq uşağı böyümüş, öz mühitinin qurbanına çevrilmiş görürük. İnsanlara hər gün təlqin edilən həyat tərzi, müğənnilərin dəbdəbəli həyatı, kefcillik, meyxana-filan onu kitabdan uzaq salıb, təfəkkürsüz, hisssiz, duyğusuz yetişdirir. İndi onlar robotdan az fərqlənirlər. Texnoloji yeniliklər də cəzbedicidir. Bu da mütaliəsizliyə böyük səbəbdir, hətta kitaba rəqibdir.
-Telefon və sosial şəbəkələr insanların mütaliə vərdişlərinə necə təsir edir?
-Bir dəfə feysbuk hesabımda paylaşmışdım ki, nə telefonun əleyhinəyəm, nə də sosial şəbəkənin. Əleyhinə olduğum pis niyyətli adamlardır. Problem sosial şəbəkədə, telefonda yox, onları necə işlədənlərdədir. Telefon uzaqları yaxınlaşdırır, adamları dostlaşdırır. Ağıllı insanlar onların faydalı tərəfindən yararlanırlar. Sosial şəbəkə vasitəsilə gözəl fikirlərimizi bir-birimizlə bölüşür, əməllərimizin bir növ hesabatını veririk. Tədbirlərdə adamların bir-biri ilə necə mehriban görüşdüklərini görürəm, hamısı da feysbukda dostlaşdıqlarını bildirir. Nəyi pisdir? Burada özünü yaxşı aparmayanlar sosial şəbəkə olmadan da pis hərəkətə yol verə bilənlərdir. Hər şeyi tünd görmək, hamını eyni qəbul etmək yanlışdır. Bu, sosial şəbəkələrin yaxşı tərəfidir, amma mütaliəyə mənfi təsirinə gəldikdə isə, vaxt almadığını, kitabdan uzaqlaşdırmadığını deyə bilmərik. Yenə “amma” bağlayıcısı fikrimin etiraz hissəsinə yol açır: kitab oxumağa marağı olan üçünsə heç nə maneə deyil.
-Kitabxananıza daha çox hansı yaş qrupundan olan insanlar müraciət edir?
-AMEA Mərkəzi Elmi Kitabxanaya daha çox hazırlıqlı, yəni seçəcəyi ədəbiyyat sahəsində xüsusi biliyi olanlar gəlirlər. Kitabxanamızın oxucuları daha çox elm adamlarıdır.
Yunis İsrəfilov