Bakı Ekspo Mərkəzində keçirilən "ADEX-2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində və "Birliyin Gücü - 2026" birgə hərbi təliminin Yüksək Səviyyəli Müşahidəçi Günündə iştirak etmək üçün Özbəkistan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyəti ölkəmizə səfərə gəlib.
Müdafiə Nazirliyindən Herbiand.az -a verilən xəbərə görə, sentyabrın 30-da beynəlxalq sərgidə keçirilən görüşlər çərçivəsində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Özbəkistan Respublikasının müdafiə naziri general-leytenant Şuxrat Xalmuxamedov ilə görüşüb.
Rəsmi qonağı salamlayan general-polkovnik Z.Həsənov ölkələrimiz arasında hərbi əməkdaşlığın dostluq, qardaşlıq, müttəfiqlik, tarixi və mədəni köklərə əsaslandığını bir daha vurğulayaraq, münasibətlərimizin müsbət inkişafında qarşılıqlı səfərlərin və səmimi görüşlərin əhəmiyyətini ifadə edib.
Qardaş ölkəyə səfərdən məmnunluğunu bildirən general-leytenant Ş.Xalmuxamedov beynəlxalq tədbirlərdə və birgə təlimlərdə hərbi qulluqçularımızın iştirakını, qarşılıqlı təcrübə mübadiləsini, dostluq əlaqələri qurmasını əməkdaşlığımızın genişlənməsində müsbət fakt olaraq qeyd edib, "Birliyin Gücü - 2026" birgə hərbi təliminin yüksək səviyyədə təşkilinə və keçirilməsinə görə general-polkovnik Z.Həsənova dərin minnətdarlığını bildirib.
Tərəflər ölkələrimiz arasında hərbi, hərbi təhsil, hərbi-texniki sahələrdə əlaqələrimizin mövcud vəziyyətini və inkişaf perspektivlərini müzakirə edib, həmçinin qarşılıqlı maraq kəsb edən məsələlər barədə ətraflı söhbət ediblər.
Sonda Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası Müdafiə nazirlikləri arasında 2027-ci ilə dair "İkitərəfli Hərbi Əməkdaşlıq" planı imzalanıb.