Advertisment

İran YENƏ “qorxunc silahlar”la hədələdi – Blef, yoxsa...

“İran Silahlı Qüvvələri ölkənin ərazi bütövlüyünün və xalqın təhlükəsizliyinin təmin edilməsi məqsədilə yeni silahların hazırlanması istiqamətində işləri fasiləsiz davam etdirir”.

Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi Hüseyn Mohebi "SEPAH-ın ABŞ xalqına müraciəti" mövzusunda keçirilən mətbuat konfransında bildirib. 

“Biz xalqımızı və ölkəmizi müdafiə etmək üçün daim yeni silah və texnikanın hazırlanması ilə məşğuluq, silahlı qüvvələrimizin döyüş hazırlığını ardıcıl olaraq artırırıq", - deyə H.Mohebi vurğulayıb. O, ABŞ-nin 2015-ci ildə imzalanan nüvə sazişindən (JCPOA) çıxmasına toxunaraq bildirib ki, İran özünü müdafiə etmək üçün daim yeni silahlar hazırlayır.

Bu nə silahlardır? Yoxsa söhbət daha çox təbliğat savaşından gedir?

Hərbi ekspert Emin Həsənli bildirib ki, son illərdə hərbi texnologiyalar sahəsində dünyada sürətli silahlanma yarışı gedir:

"Demək olar ki, hər bir hərbi gücə malik dövlət yeni nəsil silahlar və hərbi texnologiyalar hazırlamağa çalışır. Bu proses isə ilk növbədə ölkələrin iqtisadi imkanlarından, elmi-texnoloji potensialından və müasir texnologiyalara çıxışından asılıdır. İran da bu prosesdən kənarda deyil. Tehran xüsusilə Rusiya və Çinlə hərbi-texniki sahədə əməkdaşlığını genişləndirməyə çalışır. Lakin Çinin İrana ən müasir və strateji əhəmiyyət daşıyan texnologiyaları tam şəkildə təqdim edəcəyini düşünmək çətindir. Buna baxmayaraq, Pekinin Tehranla əməkdaşlığı müəyyən istiqamətlərdə davam edir. İran isə paralel olaraq öz mühəndislərinin və hərbi sənayesinin imkanları hesabına yeni silah sistemləri yaratmağa çalışır. İran-İsrail və ABŞ-İran qarşıdurmalarından sonra bu məsələ Tehran üçün daha da aktuallaşıb. Çünki müasir müharibə artıq yalnız canlı qüvvənin və klassik silahların sayından asılı deyil. Kəşfiyyat sistemləri, pilotsuz uçuş aparatları, raket texnologiyaları, elektron müharibə, hava hücumundan müdafiə və yüksək dəqiqlikli silahlar döyüş meydanının əsas elementlərinə çevrilib".

Hərbi ekspertin sözlərinə görə, tarixə baxdıqda silah texnologiyalarının inkişaf tempinin necə sürətləndiyini görmək mümkündür: "Orta əsrlərdə yüzillərlə əsas silah sistemləri ciddi şəkildə dəyişmirdi. Sonrakı dövrlərdə bu dəyişikliklərin tempi sürətləndi. XX əsrdə hərbi texnologiyalarda mühüm yeniliklər artıq onilliklər ərzində meydana çıxırdı. XXI əsrdə isə texnoloji dəyişikliklər illərlə deyil, bəzən aylar və hətta həftələrlə ölçülməyə başlayıb. Süni intellekt, pilotsuz sistemlər, hipersəs texnologiyaları, elektron müharibə və kosmik texnologiyalar bu prosesi daha da sürətləndirir. Belə bir şəraitdə dövlətlərin qarşısında iki əsas məqsəd dayanır. Birincisi, real hərbi üstünlük əldə etməkdir. İkincisi isə bu imkanların mümkün qədər məxfi saxlanılmasıdır. Çünki yeni silah sisteminin bütün imkanlarını əvvəlcədən nümayiş etdirmək potensial rəqibə həmin sistemə qarşı tədbirlər hazırlamaq imkanı verə bilər.

Buna görə də bəzi silahlar paradlarda nümayiş etdirilsə də, onların real texniki imkanları və döyüşdə tətbiq olunan sistemlərin bir hissəsi barədə məlumatlar gizli saxlanılır. Digər tərəfdən, bunun daxili auditoriyaya hesablanmış siyasi və psixoloji tərəfi də var. İran cəmiyyətində son hərbi qarşıdurmaların yaratdığı ciddi narahatlıq mövcuddur. İranın yüksək səviyyəli hərbi və siyasi şəxslərinin itirilməsi, o cümlədən generalların və digər mühüm vəzifəli şəxslərin həlak olması ölkənin təhlükəsizlik sistemi və hərbi nüfuzu baxımından ciddi zərbə oldu.

Belə vəziyyətdə İran hakimiyyəti hərbi imkanlarını nümayiş etdirməklə cəmiyyətə və rəqiblərinə müəyyən mesajlar verməyə çalışa bilər. Yeni raketlərin, pilotsuz aparatların və digər hərbi texnologiyaların nümayiş etdirilməsi təkcə hərbi məqsəd daşımır. Burada daxili auditoriyanı sakitləşdirmək, dövlətin müdafiə qabiliyyətinin qorunduğunu göstərmək və potensial rəqiblərə çəkindirici mesaj vermək məqsədi də ola bilər".
musavat.com