Advertisment

Sabirabad avtomobil yolunun əsaslı təmiri davam etdirilir

Sabirabad rayonunda Hacıqabul–Bəhrəmtəpə–Mincivan avtomobil yolunun 10-cu kilometrindən başlanğıcını götürən Sabirabad avtomobil yolunda əsaslı təmir işləri davam etdirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Herbiand.az -a bildirilib ki, ümumi uzunluğu 40,9 kilometr olan yolun əsaslı təmiri çərçivəsində yol yatağının və əsasının yenidən qurulması, yeni asfalt-beton örtüyünün salınması, suötürücü qurğuların quraşdırılması və digər zəruri tikinti işləri həyata keçirilir.

İndiyədək yolun 10-20,2-ci və 37,6-40,9-cu kilometr hissələrində, ümumilikdə 13,5 kilometr uzunluğunda sahədə torpaq işləri, yol əsasının alt və üst laylarının, həmçinin asfalt-beton örtüyünün alt layının tikintisi başa çatdırılıb.

Hazırda sözügedən hissələrdə asfalt-beton örtüyünün üst layının salınması üçün hazırlıq işləri görülür.

Layihə çərçivəsində yolun müxtəlif hissələrində ümumi uzunluğu 138 metr olan suötürücü borular da quraşdırılıb.

Avtomobil yolunda əsaslı təmir işləri layihə üzrə nəzərdə tutulmuş ardıcıllığa uyğun olaraq davam etdirilir.