Almaniyada ehtiyatda olan çağırışçılar təlim zamanı 1980-ci illərdən qalma silahlardan və analoq radiolardan istifadə etməyə məcbur olurlar. Hərəkət etmək üçün isə mülki Volkswagen Transporter mikroavtobuslarından istifadə edirlər.
Herbiand.az bildirir ki, bu barədə Welt qəzeti Senne hərbi təlim sahəsini ziyarət etdikdən sonra məlumat verib.
Senne təlim sahəsi Britaniya ordusu tərəfindən idarə olunur və bundesver bundan əsasən piyada təlimi üçün istifadə edir.
Təlim məqsədləri üçün təxminən 16 il əvvəl Əfqanıstandakı missiyaya qoşun hazırlamaq üçün tikilmiş əfqan yaşayış məntəqələrini simulyasiya edən binalar Tevtoburq meşəsinin qərb kənarındakı təlim sahəsində qalıb. Təlim sahəsindəki ən təhlükəli heyvanlar canavarlar hesab olunur.
Nəşrin məlumatına görə, ehtiyatda olan əsgərlər hazırda Almaniya və NATO ölkələri üçün müdafiə missiyaları həyata keçirirlər: “Onlar kəşfiyyat patrulları aparır, körpülərin yaxınlığında şərti düşmənləri axtarır və simulyasiya edilmiş hücumları dəf edirlər”.
Welt qeyd edir ki, batalyon texnika və avadanlıq çatışmazlığı ilə üzləşir: “Ehtiyatda olanlara şəxsi ləvazimatlar - səhra geyimləri, qoruyucu jiletlər və çəkmələr verilir. Lakin onlar 1980-ci illərin analoq radioları və digər texnikaları bölmələrdən götürməli olurlar.
Təlimlərin təşkili ilə bağlı da problemlər yaranır. Təlim yerləri müstəqil şəkildə hazırlanır, batalyon və bölük komandirləri isə yalnız boş vaxtlarında planlaşdırma ilə məşğul olurlar.
Bölmədə təşkilati işlər və kadr planlaşdırması ilə məşğul olmaq üçün daimi qərargah yoxdur. Ehtiyatda olan şəxslərin Bundesver informasiya sistemlərinə çıxışı isə məhduddur.
Bəxtiyar CƏFƏRLİ